More

    İnsanların cəmiyyət tərəfindən formalaşdırılması və bu sistemin fərdlərin özünə inamına təsiri

    Lİnsan dünyaya gəldiyi ilk gündən etibarən ətrafının ona ötürdüyü qaydalar, düşüncələr və inanclar çərçivəsində formalaşmağa başlayır. İnsan təbiəti, doğuşundan etibarən güclü, iradəli və özünü ifadə etmək üçün sərbəst yaradılmış olsa da, zaman keçdikcə toplumun qəbul etdiyi müəyyən qaydalarla qarşılaşır. Bu qaydalar çox vaxt fərdin daxili dünyasını formalaşdırır və nəticədə insanın özünə olan inamını məhv edir və onu daim təsdiqə ehtiyac duyan bir fərd halına gətirir.

    İnsan öz uşaqlıq illərində azaddır, ətrafına qarşı maraqlıdır və hər şeyi edə biləcəyini düşünür. Lakin böyüdükcə bu azadlıq hissini əvəz edən, başqalarının fikirləri və cəmiyyətin normaları daxilində yaşamaq məcburiyyəti yaranır. İnsan artıq öz arzularını yerinə yetirmək əvəzinə, başqalarının onu necə qəbul edəcəyini düşünərək hərəkət etməyə başlayır. Bu isə onun özünə olan inamını sarsıdır və yavaş-yavaş öz həyatının idarəsini itirir.

    Məhz burada cəmiyyətin rolu ortaya çıxır. Toplum, fərdlərin davranışlarını, istəklərini və hətta arzularını belə müəyyənləşdirməyə başlayır. “Başqaları nə deyər?” sualı ilə böyüyən insan, zamanla hər addımını atarkən başqalarının təsdiqini axtarır, özü olmaqdan qorxmağa başlayır və nəticədə özünə olan inamını itirir. Cəmiyyət fərdləri özünə uyğunlaşdırmağa, onları eyniləşdirməyə çalışır və fərqli olanları kənarlaşdırmaqla təhdid edir. Bu təzyiq nəticəsində, insanlar öz şəxsiyyətlərini formalaşdırmağı və əsl arzularını həyata keçirməyi unudurlar.

    Özgüvən problemi məhz bu nöqtədə yaranır. İnsanlar artıq daxili səslərinə deyil, ətrafın təsdiqinə, təqdirinə ehtiyac duyurlar. Hər hansı bir qərar qəbul edərkən cəmiyyətin və ya başqalarının fikirlərinə əsasən hərəkət edir, bu isə daxili gücü zəiflədir. Çünki özünə inanmaq, daxildən gələn səslə hərəkət etmək deməkdir. Başqalarının fikirlərini ön planda tutmaq isə, həmin səsi susdurmaq və həyatın idarəsini öz əlinizdən verməkdir.

    Cəmiyyət, qaydaları ilə fərdin həyatını “daha asan” hala gətirmək məqsədini güdsə də, əslində fərdlərin inkişafını məhdudlaşdıran bir güc olaraq ortaya çıxır. Məsələn, hər kəsin qəbul etdiyi ümumi həyat modeli – universitetə get, iş tap, ailə qur, övlad sahibi ol və stabil bir həyat yaşa – kimi nümunələr göstərərək insanları müəyyən qəliblərə salır. Bu qəliblər, əslində fərdlərin özlərinin yaratmadığı, amma toplum tərəfindən qəbul edilmiş həyat formalarıdır. Qəliblərə sığmayan fərdlər isə cəmiyyət tərəfindən “uğursuz” və ya “yanlış” olaraq damğalanır. Bu isə, onların özgüvəninin düşməsinə, özlərinə şübhə ilə yanaşmağa və potensiallarından uzaqlaşmağa səbəb olur.

    Bu durumdan xilas olmaq üçün fərdlərin cəmiyyətin yaratdığı bu süni qaydaları sorgulaması lazımdır. İnsanın özünə olan inamını bərpa etməsi, həyatı başqalarının təsdiqinə görə deyil, öz arzularına, məqsədlərinə görə yaşamağa başlaması ilə mümkün olur. Bunun üçün fərd əvvəlcə özünə dönməli, kim olduğunu, nə istədiyini və həyatdakı rolunu özü müəyyənləşdirməlidir.

    Sonda isə bunu unutmayın ki, əsl özgüvən, başqalarının sizi necə gördüyünə bağlı deyil, sizin özünüzü necə gördüyünüzlə bağlıdır. Başqalarının yaratdığı dünyada yaşamaq əvəzinə, özünüz üçün bir dünya yaradın və həmin dünyada tam olaraq özünüz olun. Bu, əslində özgüvənin ən saf və ən güclü formasıdır.

    Latest articles

    spot_imgspot_img

    Related articles

    Leave a reply

    Please enter your comment!
    Please enter your name here

    spot_imgspot_img